“Qarabağ”dan ikinci transfer

“Qarabağ” yay fasiləsində ikinci transferinə hazırlaşır.

Bir müddətdir Ağdam təmsilçisi ilə danışıq aparan “Ştutqart”ın müdafiəçisi Ailton Silva sabah klubun düşərgəsinə qoşulacaq. Braziliyalı futbolçu tibbi müyinədən keçdikdən sonra müqaviləyə imza atacaq.“Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib. (qol.az)