"Sabah" Futbol Klubu ilə Zaqreb "Dinamo"su arasında bağlanan müqavilənin detalları açıqlanıb

“Sabah” Futbol Klubu ilə Xorvatiya təmsilçisi “Dinamo” arasında imzalanan əməkdaşlıq müqaviləsinin detalları Futbolqol.az Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə hər iki klubun akademiyalarını əhatə edəcək. Anlaşmaya əsasən, “Sabah” Futbol Akademiyası Xorvatiyanın ən böyük futbol məktəbi olan “Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq “Sabah”a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək.

Klublar arasında imzalanmış müqaviləyə əsasən, “Sabah”ın və “Vətən” Futbol Məktəbinin sistemini “Dinamo” Futbol Akademiyası müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər Bakıda yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

“Sabah” və “Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edəcək. Onlardan bəziləri aşağıdakılardır:

“Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç “Sabah”ın futbol məktəbinin koordinatoru olacaq. O, yeni sistemin akademiyada tətbiq edilməsinə birbaşa nəzarət edəcək.

Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə 3 illik müqavilə bağlanacaq. Hər 3 mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq, akademiyamızda daimi fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində “Dinamo” Futbol Akademiyasının məşqçilərinin “Sabah” Futbol Akademiyasında çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.

“Sabah” Futbol Akademiyasının uşaqları “Dinamo” Futbol Akademiyasında təcrübə keçmək fürsəti qazanacaqlar.

“Sabah”ın aşağı yaş qrupları “Dinamo”nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

“Dinamo” Futbol Akademiyasının sistemi tədricən “Sabah” Futbol Akademiyasında və “Vətən” Futbol Məktəbində tətbiq ediləcək.

Qeyd edək ki, iki klub arasında anlaşma “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşib. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, “Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Andelko İvanjko iştirak ediblər. Tədbirin sonunda M.Adıgözəlov və M.Barişiç bir-birinə klub atributlarını təqdim ediblər.