Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünə start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünə start veriləcək.

Futbolqol.az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək sayca 28-ci ölkə çempionatının ilk turu 4 günü əhatə edəcək. Açılış matçında son çempion "Qarabağ" ötən mövsümü axırıncı yerdə bitirən "Keşlə"nin qonağı olacaq. Paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq. Komandalar yubiley – 60-cı duelə çıxacaqlar. “Qarabağ” son üç oyunda qələbə qazanıb. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

İlk turda keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı avqustunda 17-də, "Səbail" - "Zirə" görüşü avqustun 18-də, "Neftçi" - "Sabah" oyunu isə avqustun 19-da olacaq.

Azərbaycan Premyer Liqası

I tur

16 avqust (cümə)

19:00. “Keşlə” – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Etibar Həsənov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Dalğa Arena”