"Səbail"dən yubiley qələbəsi

Premyer Liqanın 2019-20 mövsümünə “Zirə” üzərində qələbə ilə başlayan “Səbail” yubiley uğuruna imza atıb.

Futbolqol.az xəbər verir ki, “ASCO Arena”da 1:0 hesabı ilə qalib gələn bakılılar ölkə çempionatlarının yüksək dəstəsində 10-cu ev qələbəsinə nail olublar.

Premyer Liqada 2017-18 mövsümündə debüt edən bakılılar həmin vaxt 4, növbəti çempionatda 5 dəfə öz meydanında qalib gəlmişdi. Yubiley qələbəsi “Səbail”in 29-cu ev qarşılaşmasına təsadüf edib. Çempionatlar tarixində 10 və daha çox qələbə qazanan 45-ci komanda olan “dənizçilər” bu göstəricidə “Ümid”ə (Cəlilabad) çatıb. Bakılılar ilk uğurunu 2017-ci il avqustun 19-da “Neftçi” ilə matçda əldə etmişdi – 1:0.

Qeyd edək ki, Premyer Liqada ən çox ev qələbəsi qazanan komanda “Qarabağ”dı – 258.