"Burdakı səviyyəyə təəccübləndim" - "Zirə"nin yeni transferi

Bir neçə ay əvvəl "Zirə" variantı barədə mənə məlumat verdilər. Həmin vaxt danışıqlar zamanı bir az gecikmə oldu". Bunu "Zirə"nin yeni transferi Alvaro Ampuero deyib.

Peru klubu "Universidad San Martin"dən yenicə icarəyə götürülən 27 yaşlı müdafiəçi yerli mətbuata açıqlamasında keçidini dəyərləndirib. Sol cinah oyunçusu "Zirə" və ölkəmiz barədə ilkin təəssüratlarını bölüşüb: "Açığı, ilk təklif aldığım zaman ölkə barədə, demək olar ki, heç nə bilmirdim. Xoşbəxtlikdən hər şey barədə məlumat əldə etmək üçün qurum var. Cəmi bir neçə gündü məşqlərdə iştirak edirəm. Burdakı səviyyə məni təəccübləndirdi. İşləri yaxşı idarə edən, səliqəli və hər şeydən əvvəl güclü kollektivə sahib olan nisbətən yeni bir klubdu. "Zirə" Perudakı komandam "Universidad San Martin"ə çox oxşayır. Burda heç bir problem yaşamadım. Çox yaxşı stadiona sahibik. Bu, Avropada və Cənubi Amerikada az rastınıza çıxan şeydi".

Peru millisinin sabiq üzvü "Zirə"nin çalışdırıcısı Samir Abasovla söhbətindən də bəhs edib: "Baş məşqçi ilə söhbətimiz olub. O, videolarımın çoxunu izləyib və karyeramla bağlı ətraflı məlumata malikdi. Baş məşqçi məndən harda rahat oynaya biləcəyimi soruşdu, bir neçə mövqedə yoxladı. Ancaq harda oynadacağını hələ dəqiq bilmirəm".

Ampuero yenidən Peru yığmasına qayıtmaq arzusunu da dilə gətirib: "Çox yaxşı tanınmayan, ancaq millinin baş məşqçisi Rikardo Qarekanın diqqətini çəkəcək çempionata gəlmişəm. Yeni komandamın oyunlarına köklənəcəm və çıxışımla yenidən milliyə qayıdacağıma inanıram. Bir neçə il Avropada qalmağı hədəfləyirəm".

Qeyd edək ki, "Zirə" Alvaro Ampueronu 1 il müddətinə icarəyə götürüb.