"Qarabağ"ın Ukrayna zəfərinin şahidi

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan - Xorvatiya oyununu idarə edəcək Sandro Şarer milli səviyyəsində ilk dəfə komandamızın matçında iş başında olacaq.

İsveçrəli referi "Qarabağ"a kifayət qədər tanış simadır.

31 yaşlı Şarer iki dəfə Ağdam klubunun avrokubok matçını idarə edib. O, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Vorskla" - "Qarabağ" qarşılaşmasında ədaləti qoruyub. Ukraynadakı görüşdə təmsilçimiz Araz Abdullayevin 13-cü dəqiqədə vurduğu penalti qolu sayəsində qələbə qazanıb (1:0). Şarer ev sahiblərindən 4 oyunçuya, "Qarabağ"dan isə Maksim Medvedev və Vild-Donald Geryeyə sarı vərəqə göstərib.

Şarerin bu mövsüm də yolu "Qarabağ"la kəsişib. O, Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə səfər görüşündə fit çalıb. Şimali İrlandiya təmsilçisinin 3:2 hesablı qələbə qazandığı qarşılaşmada ağdamlılardan Miçel, Mahir Emreli və Faysal Rerras "sarı"ya qonaq olub.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək. (matc.az)