Almeydanı uelsli futbolçu zədələyib

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan millisinin düşərgəsini zədəli tərk edib.

30 yaşlı yarımmüdafiəçi sentyabrın 6-da səfərdə Uels yığması ilə keçirdikləri AVRO-2020-nin seçmə matçının 16-cı dəqiqəsində xəsarət alıb.

Rəqib futbolçu Harri Uilson yerdə qalan Almeydanın baldırını bilərəkdən ayaqlasa da, epizodu gözdən qaçıran referi ona sarı vərəqə belə verməyib.

Karidiffdəki görüşün 68-ci dəqiqəsində Rəşad Eyubovla əvəzlənən braziliyalı pleymeyker zədə üzündən sentyabrın 9-da Xorvatiya ilə Bakıdakı oyunu buraxmalı olub. O, "Bakcell Arena"dakı görüşdə sonadək ehtiyatda qalıb.

“Qarabağ”ın Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Almeyda hazırda istirahətdə olduğu üçün onun zədəsinin durumundan xəbərsizdirlər. O, düşərgəyə dönəndən sonra müayinə olunacaq.

Ağdam təmsilçisi sentyabrın 15-də Premyer Liqanın IV tur matçında “Neftçi”ni qəbul edəcək. Dörd gün sonra isə komandanı Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Sevilya” komandası ilə I turun qarşılaşması gözləyir. Almeydanın bu oyunları buraxması mümkünüdür.

Qeyd edək ki, Azərbaycan millisi Uelsə 1:2 hesabı ilə uduzsa da, Xorvatiya ilə Bakıda heç-heçə edib – 1:1. (report)