“Qarabağ” bu gün “Düdelanj”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Futbolqol.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.

Lüksemburq təmsilçisi ötən mövsüm olduğu kimi, yenə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Malta “Valletta”sını keçə bilməyib. Lakin bundan sonra "Düdelanj" Avropa Liqasında “Şkendiya” (Makedoniya), “Nımme Kalyu” (Estoniya) və “Ararat” (Ermənistan) komandalarını üstələyərək, qrupa düşüb. “Düdelanj” avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik.

Ağdamlılar da cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıblar. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Albaniyanın “Partizani” (0:0, 2:0) və İrlandiyanın “Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Linfild”i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.

Bu komandalar 3 mövsüm öncə ÇL-in II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1.

Qeyd edək ki, A qrupunun digər matçında “Sevilya” APOEL-i qəbul edəcəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Con Biton

Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter

Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)

Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)

UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)

“Jozi Bartel” stadionu.