Revanşa ümid edən “Qarabağ”, 11 oyundur qalib gələ bilməyən APOEL

UEFA “Qarabağ”ın Avropa Liqasının (AL) qrup mərhələsinin III turunda Kipr APOEL-i ilə Bakıda keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.

Futbolqol.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilə ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda “Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

Əvvəlki görüşlər

Bu komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb. Qonaqların heyətində 34-cü dəqiqədə Tomas De Vinsenti penaltidən fərqlənib. İkinci qolu isə 68-ci dəqiqədə Uroş Matiç vurub. Ona görə də “Qarabağ” indi revanşa ümid edir.

Ağdam komandası indiyə qədər yalnız bu il Kipr təmsilçisi ilə qarşılaşıb. APOEL isə 2 dəfə “Neftçi” ilə üz-üzə gəlib. 1995/1996 mövsümündə Kuboklar Kubokunun ilkin mərhələsində uğur qazanan tərəf nikosiyalılar olub (3:0, 0:0). 2012/2013 mövsümündə isə AL pley-off mərhələsində “Neftçi” rəqibini mübarizədən kənarlaşdırıb (1:1, 3:1) və avrokuboklarda qrupa vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb.

“Qarabağ”

“Qarabağ” ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. “Köhlən atlar” ikinci yeri tutan “Neftçi”ni 8 xal qabaqlayıb. Komanda ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi ötən mövsüm AL-in qrup mərhələsində 5 oyunda uduzub, yalnız “Vorskla”nı Ukraynada məğlub edə bilib (1:0).

“Qarabağ” cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Albaniyanın “Partizani” (0:0, 2:0) və İrlandiyanın “Dandolk” (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi “Linfild”i səfərdə daha çox qol vurduğu üçün (2:3, 2:1) keçərək AL-in qrupuna düşüb.

“Qarabağ” avrokubokların qrup mərhələsindəki son 8 ev oyunundan 7-də uduzub, yalnız ilk dəfə vəsiqə qazandığı ÇL-in qrupunda İspaniya “Atletiko”su ilə Bakıda qolsuz heç-heçə edib. Komanda ötən mövsüm AL-də bütün ev oyunlarından məyus ayrılıb. Üstəlik, Portuqaliya “Sportinq”i ilə görüşdə avrokuboklarda ən böyük hesablı ev məğlubiyyətini alıb - 1:6. Lissabonlularla matçda son 4 ev oyununda yeganə qol vurulub.

APOEL

APOEL Kipr çempionluğuna görə rekordçudur – 28 dəfə. Nikosiyalılar ötən mövsüm ardıcıl 8-ci dəfə ölkədə bütün rəqiblərini qabaqlasalar da, son 6 ildə ilk dəfə avrokubokda təsnifat mərhələsində mübarizəni dayandırıblar. AL-in pley-offunda Qazaxıstan təmsilçisi “Astana”ya penalti seriyasında yenilən komanda qrupdan kənarda qalıb.

Cari avrokubok mövsümündə isə II raundda Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdıran APOEL (1:0, 3:0), ardınca “Qarabağ”dan güclü olub. ÇL-in pley-off mərhələsində Hollandiya “Ayaks”ını keçə bilməyən (0:0, 0:2) Kipr klubu AL-in qrupuna düşüb.

APOEL 2013/2014 və 2015/2016 mövsümlərində AL-in qrupunda uğur qazana bilməyib. Əvəzində, “Qarabağ”dan fərqli olaraq 2016/17 mövsümündə qrupdan çıxmağı bacarıblar. 2016-cı ilin sentyabrında “Olimpiakos”u Yunanıstanda 1:0 hesabı ilə məğlub edən komanda B qrupunda 1-ci yeri tutub. Bu, Kipr təmsilçisinin qruplarda keçirdiyi son 12 oyunda yeganə qələbəsidir. APOEL son 5-i daxil olmaqla, rəqib meydanında 10 dəfə uduzub.

Komandalar arasında əlaqə və digər məqamlar

- APOEL ilə görüş Qurban Qurbanov üçün “Qarabağ”ın baş məşqçi postunda 101-ci avrokubok oyunu olacaq.

- “Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev 2015/2016 mövsümündə Kipr “Apollon”unda hazırda APOEL-də çıxış edən Giorqos Merkislə komanda yoldaşı olub.

- Araz Abdullayev 2017/2018 mövsümündə icarə əsasında Kiprin “Anortosis” komandasının formasını geyinib.O, “Neftçi”nin heyətində APOEL ilə hər iki pley-off matçında meydanda olub.

- “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda AL-in pley-offunda “Astana”nın APOEL-i keçməsinə kömək edib. O, penalti seriyasında zərbəni dəqiq yerinə yetirib.

- Filip Ozobiç (“Qarabağ”) və Antonio Yakoliş (APOEL) 2013-cü ildə “Xayduk”da birgə oynayıblar və Xorvatiyanın gənclər yığmasında komanda yoldaşı olublar.

Baş məşqçilər

Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 47 yaşlı mütəxəssis 11 ildir “Qarabağ”a rəhbərlik edir. Qurbanov bu müddətdə ardıcıl 6 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı baş məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edib.

Tomas Doll futbolçu karyerası ərzində istedadlı pleymeyker olub. O, həm Almaniya Demokratik Respublikasının (ADR), həm də Almaniya yığmasının heyətində keçirdiyi 47 oyunda 8 qol vurub. Berlin “Dinamo”su ilə 2 dəfə ADR çempionu olan veteran futbolçu Bundesliqda bacarığını nümayiş etdirməklə yanaşı, 3 mövsüm İtaliyada “Latsio”nun formasını geyinib.

Doll məşqçi karyerasına daha öncə çıxış etdiyi “Hamburq”da başlayıb. 53 yaşlı mütəxəssisin Dortmund “Borussiya”sındakı işi uğursuz alınsa da, 5 il rəhbərlik etdiyi “Ferentsvaroş”la 1 dəfə Macarıstan çempionu olub, 1 dəfə ölkə kubokunu, eyni sayda Superkuboku götürüb. Ötən mövsümün ikinci yarısında vətənində “Hannover”in baş məşqçisi olan Doll, bu il avqustun 15-dən APOEL-in sükanı arxasındadır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Tərcümə: "Report"