Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun son oyunu keçiriləcək.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanı Orxan Məmmədov idarə edəcək.

Hazırda 22 xalla birinci pillədə qərarlaşan Ağdam komandası ən yaxın izləyicisi "Neftçi"ni 5 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv fərqi yenidən 8-ə çatdırmaq üçün mütləq qələbə qazanmalıdır. Bu, gələn tur flaqmanla səfərdə nəzərdə tutulan görüş öncəsi çox vacibdir.

10 xalla 4-cü pillədə olan "Səbail" isə qalib gəlsə, 3-cü pillədəki "Keşlə" ilə xal fərqini 2-yə endirəcək.

Bu, iki komanda arasında Premyer Liqada 10-cu qarşılaşma olacaq. Əvvəlki qarşılaşmaların yalnız 1-də "Səbail" qalib gəlib ki, bu da texniki nəticə hesabına baş verib. Qalan oyunların hamısından "Qarabağ" qalib ayrılıb. Son iki qarşılaşmada 4 cavabsız qol vurmuş ağdamlıların ümumilikdə üstünlüyü 17:1 nisbətindədir.

Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə yenib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.

Azərbaycan Premyer Liqası, IX tur

28 oktyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Tofiq Bəhramov adına Respublika Stadionu