"Qəbələ" "Benfika" və "Valensiya" ilə eyni qrupda

"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolqol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 aprelin 5 - 12 apreldə Türkiyədə təşkil olunacaq ənənəvi “İzmir Cup”da qüvvəsini sınayacaq. Komanda bu gün qonşu ölkəyə yollanacaq.

“Milan”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Ayaks” (Hollandiya), “Porto” (Portuqaliya) kimi klubların qatılacağı yarışda ümumilikdə 72 komanda 8 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” G qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 5-də “Benfika” (Portuqaliya), “Brügge” (Belçika), “Valensiya” (İspaniya) və “Qrasshopers” (İsveçrə) ilə qarşılaşacaq. Qrup mərhələsinin ikinci günündə "qırmızı-qaralar"ın rəqibləri “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Hollandiya) olacaqlar.

Hər qrupda ilk 4 yeri tutan komandalar aprelin 7-də final mərhələsində mübarizə aparacaqlar. Digər iştirakçılar isə 33 - 72-ci yerlər uğrunda matçlar keçirəcəklər.