"Zirə"nin paraqvaylısı Bonilyanın göstəricisini təkrarladı

“Zirə”nin cari mövsüm Azərbaycan Premyer Liqasında ən çox qol vuran futbolçularının siyahısında ikihakimiyyətlilik yaranıb.

Futbolqol.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, XXII turun “Səbail”lə oyununda (1:2) rəqib qapısına qol vuran Xulio Sezar Rodriges hesabını üç topa çatdırıb. 29 yaşlı paraqvaylı hücumçu bu göstəricidə Mirsayib Abbasova çatıb.

Qış fasiləsində transfer olunan Rodriges həm də “Zirə”nin tarixində ən çox qol vuran oyunçular siyahısında irəliləyib. Cənubi amerikalı Premyer Liqada “qartallar” üçün 3 qol vuran Adil Nağıyev, Tellur Mütəllimov, İqor İvanoviç və Mirsayib Abbasova çatıb. Bu oyunçular bombardirlər cədvəlində 16-20-ci yerləri bölüşürlər.
“20-liy”ə daxil olan Rodriges üç qolu cəmi 7 oyunda vurub. Bu da “Zirə”nin rekordunun təkrarıdır. İndiyədək yalnız Nelson Bonilya ilk yeddi matçında belə məhsuldarlıq göstərib. O, 2015/16 mövsümündə debüt etdiyi “Zirə”dəki qol sayını 7-ci oyunda 3-ə çatdırıb.

Qeyd edək ki, klubumuzun Premyer Liqadakı ən yaxşı bombardiri olan Bonilla 14 dəfə fərqlənib.