Emil Balayevi rekorddan dəqiqələr ayırır

“Tobol”un formasını geyinən Azərbaycan millisinin qapıçısı Emil Balayev hazırda Qazaxıstan çempionatında ən çox “quru seriya”ya malik qapıçıdır.

Kostanay klubunun qolkiperi artıq 7 oyundur ki, qapısının toxunulmazlığını qorumağı bacarır.

XVI turda “Jetısu” ilə görüşdə də qol buraxmayan (1:0) Balayev 630 dəqiqədir ki, qapını rəqib hücumçularının üzünə bağlayıb. Bu göstəriciyə görə Qazaxıstan Premyer Liqasında 1-ci olan 25 yaşlı qapıçı həmkarları üçün əlçatmazdır.

Azərbaycan millisinin üzvü Qazaxıstan çempionatlarının rekorduna da yaxındır. Bunun üçün o, növbəti üç oyunda, həmçinin dördüncü matçın ilk 22 dəqiqəsində "quru seriya"nı davam etdirməlidir.

Qeyd edək ki, rekord “Kayrat”ın sabiq qapıçısı Sergey Boyçenkoya məxsusdu. Keçmiş qolkiper 2005-06 mövsümündə 921 dəqiqə qapısında qol görməyib.