Klopp yubileyini kubokla qeyd etdi

Futbol üzrə UEFA Super Kuboku uğrunda “Çelsi”yə qarşı oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün yubileylə əlamətdar olub. Futbolqol.az xəbər verir ki, bu qarşılaşma 52 yaşlı mütəxəssisin karyerasında 800-cü oyunu kimi tarixə düşüb.

Klopp məşqçilik karyerasına “Maynts”da başlayıb və bu klubu 7 il çalışdırıb. O, bu komandanı meydana çıxardığı oyunların cəmi 40 faizində qələbə qazanıb və heç bir titul əldə etməyib. Daha sonra o, Dortmund “Borussiya”sında işləməyə başlayıb. Bu komandada da 7 il çalışan mütəxəssis dortmundluları meydana çıxardığı oyunların 56 faizində qələbəyə sevinib. Klopp “Borussiya”nı iki dəfə Almaniya çempionu edib, ölkə kubokunu və super kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalına çıxarıb.

2015-ci ildən isə bu mütəxəssis “Liverpul”un uğurları üçün çalışır. Bu komandanı meydana çıxardığı oyunların 57 faizindən qalib ayrılan məşqçi, geridə qalan mövsümdə ÇL-in qalibi adını qazanmışdı. Onun 800-cü oyununda isə “Çelsi”ni penaltilərlə üstələyən yetirmələri UEFA super kubokunu əldə ediblər. (matc.az)