Ferstappen “Red Bull”la müqavilənin müddətini uzatmağa tələsmir

“Red Bull”un holland pilotu Maks Ferstappen etiraf edib ki, 2021-ci il mövsümü üçün Avstriya komandası ilə müqavilənin müddətini uzatmağa tələsmir.

Ferstappenin indiki müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub.

“Auto Motor und Sport” Ferstappenin bu sözlərini sitat gətirib: “Mən o qədər də narahat deyiləm. İndi vədlərin yerinə yetirilməsinə və əslində nəyin vacib olmasına diqqət yetirmək lazımdır. Gələn il biz yürüşləri udmaq və titul qazanmaq istəyirik. “Red Bull“ da, mən də bu məqsədə çatmaq üzərində çalışırıq. Lakin 2020-ci ildən sonra bir çox digər məsələlər ortaya çıxacaq. Bəs Formula 1-in aqibəti necə olacaq? Odur ki, tələsmirəm”.

Daha əvvəl Ferstappen komandanı tənqid edərək bildirib ki, “Red Bull” son bir neçə ildir “Ferrari” və “Mercedes”dən çox geri qalır.