İranda futbol matçında təqribən 3,5 min qadın oldu

2022-ci ilin futbol üzrə dünya çempionatının oktyabrın 10-da Tehranda İran və Kamboca yığmaları arasında keçirilmiş təsnifat matçında təqribən 3,5 min qadın olub. Bu barədə məlumatı Assoşieyted Press agentliyi yayıb.

Futbolqol.az xəbər verir ki, Tehranın “Azadi” stadionunda baş tutan matç 40 ilədək müddət ərzində qadınların stadiona kütləvi buraxıldığı ilk futbol oyunu olub.

Görüş 14:0 hesabı ilə İran yığmasının böyük qələbəsi ilə başa çatıb. Sankt-Peterburqun “Zenit” klubunun hücumçusu üç qol vurub. İki matçdan sonra altı xal toplayan İran yığması “C” qrupunun turnir cədvəlində birinci yeri tutub. İkinci yerdə dörd xalla Bəhreyn komandası gəlir.

Oktyabrın 10-da “Amnesty International” ("Beynəlxalq amnistiya”) təşkilatı İranın qadınlar üçün biletlərə kvotalar ayırmasını “rüsvayçı piar-gediş” adlandırıb. Qurumdan bildiriblər ki, ölkə hökuməti qadınların futbol oyunlarına buraxılmasına məhdudiyyətləri ləğv etməlidir. “Amnesty International” matçda olan qadınların sayını məhdudlaşdırılmasını pisləyib və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını bu vəziyyətə təsir göstərməyə çağırıb. Belə ki, qurumun məlumatına görə, stadionda yerlərin ümumi sayı 78 mindir ki, bu da bilet almasına icazə verilmiş qadınların sayından xeyli çoxdur. Hüquq-müdafiə təşkilatı stadiona gizli getdiyi üçün həbsə düşmək təhlükəsi ilə üzləşdiyinə görə özünü yandırmaqla intihar edən azarkeş Səhər Xodayarini, habelə 2018-ci ilin əvvəlindən stadiona getmək cəhdlərinə görə tutulmuş azı 40 qadını xatırladıb.

1979-cu ildə İslam inqilabından sonra İranda qadınlara kişilərin idman yarışlarına getmək qadağan edilib. Ötən ilin oktyabrında 100 qadının İran və Boliviya komandaları arasında yoldaşlıq matçında iştirak etməsinə icazə verilib, noyabr ayında Asiya Çempionlar Liqasının finalının İranın “Persepolis” və Yaponiyanın “Kasima Antlers” komandaları arasında keçirilən cavab matçında isə stadionda təqribən 500 qadın olub.

Assoşieyted Press Agentliyinin 2019-cu ilin iyununda yaydığı məlumata görə, FIFA prezidenti Canni İnfantino İran Futbol Federasiyasından və dövlət məmurlarından tələb edib ki, 2022-ci ildə Qətərdə futbol üzrə dünya çempionatının təsnifat yarışları çərçivəsində qadınların İran yığmasının matçlarına getmələrinə zəmanət versinlər. (azərtac)