Qəzada ölən futbolçunun həyat yoldaşına son mesajı: "Məni gözləməyin, səni sevirəm"

Yol qəzasında həlak olan Türkiyənin Alanyaspor klubunun futbolçusu Jozef Suralın həyat yoldaşı Denisa sosial mediada etdiyi paylaşımla hər kəsi təsirləndirib. Ərinin ölümündən sonra ilk dəfə paylaşım edən Denisa Suralın ona yazdığı son mesajı da paylaşıb:

"Nə yazacağımı bilmirəm, bir parçamı itirdim. Telefondakı son sözün "Məni gözləməyin. Səni sevirəm" oldu. Səni həmişə belə xatırlayacam. Sevgi dolu bir həyat yoldaşı, ata və dost. Heç bir zaman pis davranmadın, həmişə ədalətli olmağa çatışdın. Dünyadakı ən yaxşı ata sənsən, bizi uzaq bir yerdən izlədiyini bilirəm, iki möhtəşəm qızımız üçün sənə təşəkkür edirəm. Hər gün onlara baxdıqda səni görəcəm. Bu məni çox məyus edir, çünki səni necə sevdiklərini bilirəm, mənim kimi... Melissa cəmi 3 aylıqdır, amma onu necə sevdiyini bilirəm, çünki o sənindir. Ona hər zaman nə qədər gözəl ata olduğunu xatırladacam. Vaneska üçün səni itirmək çox pis oldu. Çünki heç kim onu sənin sevdiyin kimi sevməyəcək.

Həyat bir daha əsla eyni olmayacaq, hər an öləcəyimi hiss edirəm. Sonra bunu etməməli olduğumu bilirəm. Çünki o zaman sən bədbəxt olarsan. Bu kədərli tale ilə savaşmalıyıq. Səbəbini soruşmaqdan əsla vaz keçməyəcəm. Səni sonsuzadək sevirəm, sevgilim".

Xatırladaq ki, Türkiyə Superliqasının 30-cu turunda keçirilən Kayserispor - Alanyaspor (1:1) oyunundan sonra qonaqların 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb. Sürücünün yolda yuxulaması mikroavtobusun aşmasına səbəb olub. Nəticədə, Alanyaspor-un hücumçu Jozef Sural vəfat edib. Çexiya millisinin üzvü dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Digər futbolçular yüngün xəsarət alıb.