"Arsenal" istənilən dəqiqədə bizə qol vura bilər" - Emin Mahmudov

"İlk oyunda favorit sayılmamağımız bizə pis təsir etmədi. Nəyə qadir olduğumuzu və öz gücümüzü bilirdik. Bakıdakı cavab matçında da 90 dəqiqə ərzində oyuna köklənməliyik. Bilirik ki, "Arsenal" yaxşı komandadır. Onlar istənilən dəqiqədə bizə qol vura bilər. Buna görə birinci matçdan da yaxşı oynamalıyıq".

Futbolqol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov Avropa Liqasının ikinci təsnifat mərhələsində Tula "Arsenal"ı ilə cavab oyunu öncəsi Rusiya mətbuatına deyib.

Komandanın kapitanı "Neftçi" Rusiya çempionatında neçənci yeri tutar" sualına isə belə cavab verib: "Fikrimcə, "Neftçi" Rusiya Premyer Liqasında ikinci "səkkizlik"də olar, amma birinci "səkkizlik" uğrunda mübarizə aparar. Biz çempionatının ortabab klublarından çox geridə qalmarıq".

Qeyd edək ki, "Neftçi" - "Arsenal" görüşü yerli vaxtla saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda Bakı klubu 1:0 hesabı ilə qalib gəlib.