"Psixoloji baxımdan önəmli oldu" - Emil Balayev

"Nəhayət ki, uğursuzluq sindromu başa çatdı. Xeyli müddət idi xal qazana bilmirdik".

Bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

Həmyerlimizin şərəfini qoruduğu "Tobol" klubu Qazaxıstan Premyer Liqasının XXI turunda səfərdə "Atırau" üzərində 1:0 hesablı qələbə qazanıb.

Klubun rəsmi saytına açıqlamasında oyunu dəyərləndirən Balayev qələbənin vacibliyindən danışıb: "Oyuna ciddi hazırlaşmışdıq. Üç xal "Tobol" üçün çox vacib idi. Matçı izlədiniz, fədakar davrandıq, uşaqlar meydanda döyüşdülər. İkinci hissədə qol vəziyyətlərimiz oldu, bundan yararlanmalı idik. Belədə görüşün sonluğu da asan alınardı. Rəqib getdikcə təzyiqi artırdı, biz isə əks-hücumlarla cavablarını verirdik. İstənilən halda bu, minimumdu, lakin psixoloji baxımdan önəmli oldu".

Qeyd edək ki, 21 turdan sonra "Tobol" 42 xalla turnir cədvəlinə başçılıq edir.