"Rəqibin oyun sistemi bizi təəccübləndirdi" - Simeon Slavçev

“APOEL çox yaxşı komandadı. Deyə bilərəm ki, rəqibin oyun sistemi bizi təəccübləndirdi".

Bunu "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev deyib.

Bolqarıstanlı orta sahə oyunçusu Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə keçirilən ilk görüşü dəyərləndirib. O, Kipr mətbuatına açıqlamasında səfərdən 2:1 hesablı qalibiyyətlə döndükləri üçün cavab matçında qonaqların işinin çətin olacağını vurğulayıb: "Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Əlimizdən gələni edəcəyik. Şansların 50/50-yə olduğunu düşünürəm".

2015-16 mövsümündə Kiprdə "Apollon"un formasını geyinmiş 26 yaşlı Slavçev həmin günləri xatırlayıb və sabiq komandasının indi daha güclü olduğunu söyləyib: "Adətən burda azarkeş dəstəyi daha güclü olardı. Ümumiyyətlə, APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə "Apollon"da çıxış etmişəm və bu klubun qəlbimdə yeri daim olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdı, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var. Məncə, çempionluq uğrunda mübarizə apara bilərlər. Kipr futbolu inkişafdadı. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər”.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:30-da başlayacaq.