"Bney Yehuda"ya futbolun nə olduğunu göstərməliyik" - Kiril Petrov

"Futboldur, öncədən hesabın necə olacağını heç kim bilmir. Rəqib əks-hücumlara üstünlük verir. Bunu bilirdik, amma səhvlərə yol verdik".

Bunları "Neftçi"nin müdafiəçisi Kiril Petrov İsrailin "Bney Yehuda" komandası ilə Bakıda 2:2 hesabı ilə heç-heçə etdikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.

Ukraynalı müdafiəçinin sözlərinə görə, məğlub duruma düşmələrinə rəğmən, geridönüş etmələri müsbət haldır: "Yaxşı ki, 2 qol vura bildik. Artıq onlara qarşı cavab görüşündə necə oynayacağımızı bilirik. İki mərhələ keçdiyimizə görə komandada eyforiya yoxdur. Bu komandanı tanımasaq da, bir neçə matçlarına baxmışdıq və necə bir kollektivə qarşı oynayacağımızı bilirdik. "Sperantsa" və "Arsenal"a qarşı necə hazırlaşmışdıqsa, bu dəfə də elə idi. Əgər referi vaxta əlavə 5 dəqiqə artırsaydı və onun özünü də dəyişsəydilər, daha bir qol da vura bilərdik. Baş hakimin bizə qarşı aqressiv olduğunu deməzdim. Sadəcə olaraq, görüşü FIFA referisi səviyyəsində idarə edə bilmədi. Biz Azərbaycandakı hakimlərdən şikayətləniriksə, onda bunun haqqında nə deyək?"

Petrov bildirib ki, cavab görüşündə yalnız qələbəyə ümid edirlər: "Futbolçularının idmançıya yaraşmayan hərəkətlərinə görə "Bney Yehuda"nı cəzalandırmalıyıq. Futbol vaxtı uzatmaq, qulağını, ayağını tutub meydanda uzanmaq deyil. Onlara futbolun nə olduğunu göstərməliyik. Hakim bu cür oyuna imkan verdi. Bu da bizi motivasiya etdi. Cavab qarşılaşmasında daha da motivasiyalı olacağıq".

Qeyd edək ki, cavab oyunu avqustun 15-də İsraildə keçiriləcək. (report)