"Qarabağ" həyatımın ən gözəl anlarından olacaq" - Asmir Beqoviç

“Nəhayət ki, Bakıda məskunlaşdım. Son günlər böyük qarışıqlıq içində idim, problemlərim var idi. Klub dəyişəndə belə olur".

Bunu "Qarabağ"ın yeni transferi Asmir Beqoviç deyib.

Ölkəsində Bosniya və Herseqovina mətbuatına müsahibə verən təcrübəli qolkiper "Bornmut"dan "Qarabağ"a icarə əsasında keçidi barədə danışıb. O, ilkin təəssüratlarının müsbət olduğunu söyləyib: "Qarabağ"la bağlı ilk təəssüratım yaxşıdı. Burda hər şey ən yüksək səviyyədədi. Klubdakı insanlar mənə kömək olmaq üçün əllərindən gələni edirlər. Bura, həqiqətən də, bir ailə kimidi. Şəhər də çox gözəldi. İnanıram ki, "Qarabağ" mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.

32 yaşlı qapıçı "Qarabağ"ı seçməsinin səbəbini də açıqlayıb: “Qarabağ”a transfer dönəmi sürətli keçdi. Adımın hallandığı başqa klublar da var idi. Amma deməliyəm ki, azərbaycanlılar ən dürüst və konkret idilər. Buranın doğru seçim olduğunu düşündüm. Axı “Qarabağ” ənənəsi olan ciddi klubdu. Həmişə titullar uğrunda mübarizə aparır və Avropa Liqasının qrupunda çıxış edirlər. Mənə olan etibarı doğrultmalıyam".

Beqoviç Avropa Liqasında qərarlaşdıqları qrupu da dəyərləndirib. O, komandanın qrup səddini aşa biləcəyini düşünür: "Qrup mərhələsində oynamaq heç də kiçik iddia deyil. Amma ambisiyaları bundan da böyükdü. Qrupumuzda “Sevilya”, APOEL və “Dudelanj” yer alıb. Fikrimcə, onlarla oyunlarda yaxşı nəticələr əldə edə bilərik. Əlbəttə, asan olmayacaq. "Sevilya" haqda əlavə nəsə deməyə ehtiyac yoxdu. APOEL-in “Ayaks”a necə işgəncə verdiyini hamı gördü. “Düdelanj” isə keyfiyyətli komanda olmasaydı, qrupa qədər irəliləməzdi”.

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki bu yaxınlarda Beqoviçin yığmaya dönmək ehtimalının olduğun bildirib. Qolkiper isə bun sevindiyini deyib: "Belədisə, hər şey yaxşıdı. Milliyə qayıtmaq məni xoşbəxt edər. Yığmaya heç vaxt qapımı bağlamamışam və əlimdən gəldiyi qədər kömək etmək istəyirəm. İndi ən vacibi millidə baş verənlərdən sonra əvvəlki gücü bərpa etməkdi. Ermənistana məğlubiyyət üzücüdü. Ancaq futbolda belə şeylər olur”.

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi ilin sonuna qədər icarəyə götürüb.(matc.az)