Yurçeviç: "Xorvatiya ilə oyundan sonra Biliç məni təbrik etdi"

“Fasiləyə 0:1 hesabı ilə gedəndə şansımızın olduğunu bilirdik. Yekunda layiqli şəkildə bərabərliyə nail olduq”.

Bunu 24sata.hr saytına futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya yığması ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.

53 yaşlı xorvatiyalı mütəxəssis oyunun 11-ci dəqiqəsində qonaqların lehinə təyin edilən və Luka Modriçin dəqiq yerinə yetirdiyi penalti epizodunu şərh edib: “Məndə elə təəssürat yarandı ki, penalti deyil. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm”.

Baş məşqçi bərabərliyi komandası üçün böyük nəticə adlandırıb: “Oyunçularımız meydanda çox yaxşı idilər. Yalnız bu halda Xorvatiyanı məğlub etmək olar”.

Yurçeviç deyib ki, matçdan sonra Xorvatiyanın baş məşqçisi Zlatko Daliçlə görüşməyib. Əvəzində, digər həmyerlisi, Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında baş məşqçisi olmuş Slaven Biliçdən təbrik alıb: “Yaxın dostum Biliç zəng edərək, məni əla nəticəyə görə təbrik etdi. O, nəticəyə və komandamın sərgilədiyi oyuna görə şad olduğunu söylədi”.