"Qarabağ"ın qapıçısı: "Kiprə müsbət nəticə üçün gedəcəyik"

"Qarabağ"ın qapıçısı Asmir Beqoviç evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra brifinq keçirib. Bosniya və herseqovinalı qolkiper əvvəlcə rəqib komandadakı yarımmüdafiəçi Maykl Essyenlə görüşündən danışıb:

- Futbolçu kimi bir-birimizə qarşı oynamışıq. Çox yaxşı futbolçudur.

- Ağlınıza gələrdimi ki, nə vaxtsa Essyenlə Azərbaycanda da qarşılaşacaqsınız?

- (gülür) Futbolda heç nəyi öncədən demək olmur. Amma istənilən halda onunla rastlaşmaq xoş oldu.

- Maraqlıdır, nədən danışırdınız?

- Sadəcə, futbolçu həyatından danışırdıq. Essyen məşqçilik karyerası ilə bağlı addımlar atmaq istəyir. Əsasən bu mövzuda söhbət etdik.

- Düşünmürsünüz ki, çətin qələbə qazandınız?

- Hər oyun çətindir. Biz buna hazırıq. Xoşbəxtlikdən, oyunun sonuna doğru istəyimizə çata bildik.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu matçdan nə gözləyirsiniz?

- Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq və ən yaxşı oyunumuzu nümayiş etdirək.

- Müqavilə üzrə məxsus olduğunuz İngiltərə "Bornmut"unun əsas qapıçısı ilə yeni anlaşma əldə etməsi "Qarabağ"da qalmağınıza təsir edə bilər?

- Ola bilər. Amma mən bu barədə günbəgün fikirləşirəm. Dekabradək yaşayaq, sonra nə olacağına baxaq.

- "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxması qərarınıza təsir edə bilər?

- Çox şey ola bilər. Hələ o vaxta var. Qarşıda bizi "Neftçi" və Kipr APOEL-i ilə səfər oyunları gözləyir. Sonra qış fasiləsi başlayacaq. Yəni, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq.

- APOEL-lə Bakıda qeydə alınan 2:2 hesablı heç-heçə "Qarabağ"ın gələcəkdə qrupdan çıxmasına mənfi təsir edə bilər?

- Xalın olmamasındansa, bir xalın olmasının özü də bir şeydir. Biz yaxşı komandayıq. Kiprə müsbət nəticə üçün gedəcəyik.