Qara Qarayev: "Səbail"lə görüş daha vacib idi, nəticə qazana bildik"

"Kipr APOEL-i ilə ağır oyundan sonra vacib qələbə qazandıq".

Bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının IX turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, oyun ərzində bəzi çatışmazlıqları olsa da, vacib olan 3 xalı qazanmağa müvəffəq olublar.

O, rəqib futbolçu Rəhman Hacıyevin sosial şəbəkədə etdiyi paylaşıma da toxunub: "Bizə belə şeylər etməyə icazə verilmir. Bu barədə təsəvvür də yaranmayıb ki, nəsə paylaşaq. Ümumiyyətlə, bu məsələ haqda danışmaq istəmirəm. Biz bütün komandalara qarşı hörmətlə yanaşmışıq və nə qədər ki, "Qarabağ"ın adını daşıyırıq, hörmətlə də yanaşacağıq.

Qarayev növbəti turda qarşılaşacaqları "Neftçi" ilə matç barədə də danışıb: "Düşünürəm ki, "Neftçi" ilə matçdan daha vacib olan bugünkü oyun idi. "Səbail"lə görüş daha vacib idi, nəticə qazana bildik".

Qeyd edək ki, Qara Qarayev "Səbail"lə görüşdə "Qarabağ"ın 86-cı dəqiqədə vurduğu qələbə topunun müəllifi olub.