“Azərbaycanda qazandığım qızıl medalı Rusiyadakından üstün tuturam” - Ramil Şeydayev

Futbolqol.az 23 yaşlı hücumçunun müsahibəsini təqdim edir...

- Dünya vitse-çempionlarına qarşı AVRO-2020-nin seçmə oyunu ilə bağlı hansı təəssüratlarınız var?

- Xorvatiyaya qarşı yaxşı oynadığımızı düşünürəm. Rəqibi əks-hücumlarda tuturduq. Yalnız ona təəssüflənirəm ki, heç-heçəni qoruya bilmədik. Hərçənd, buna çox yaxın idik. Amma istənilən halda, Zaqrebdəki matçımızı müsbət dəyərləndirmək olar. Açığı, oyundan əvvəl həyəcan var idi. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Litva ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Bir neçə imkanı əldən verdik və heç-heçə etdik - 0:0.

- Əvvəllər Luka Modriçə simpatiya bəslədiyinizi etiraf edirdiniz. Öz kumirinizə qarşı oynamaq necə idi?

- Əlbəttə, onunla eyni meydana çıxmaq xoş idi. O, ötən mövsümün yekununda "Qızıl top"u təsadüfi almayıb. Böyük usta olduğu oyun zamanı dərhal hiss olunur. Belə rəqiblə qarşılaşdıqda özün idmançı kimi inkişaf edirsən. Bu, qiymətsiz təcrübədir. Yeri gəlmişkən, özüm Real Madrid-ə azarkeşlik edirəm. Təkcə Modriçə görə yox. Luka Tottenham-də oynadığı vaxt həmişə Arsenal-a simpatiya bəsləyirdim.

- Komandanız üzərində ağır qələbədən sonra Xorvatiya millisi Macarıstana uduzdu. Azərbaycanın qrupdan çıxma şansları var?

- Hesab edirəm ki, mümkünsüz heç nə yoxdur. Baxın, seçmə mərhələlərdə nə qədər sensasiya, maraqlı süjetlər baş verir. Çox bərabər qrupumuz var - Macarıstan, Uels, Slovakiya... Amma biz ikinci yer uğrunda mübarizə aparmağa çalışacağıq.

- Nikola Yurçeviç yığma üzvlərinə klublarına qayıdışlarından əvvəl nə dedi?

- Yaxşı oyuna görə təşəkkürünü bildirdi və xatırlatdı ki, iyunda bizi Macarıstan və Slovakiya ilə ev oyunları gözləyir. Bu qarşılaşmalar bizim üçün həlledici ola bilər. Maksimum xal toplamaq lazımdır.

- Rusiya Premyer Liqasında Azərbaycan yığmasını təmsil edən yeganə futbolçusunuz. Bu çempionatda daha kim oynaya bilər?

- Çoxlarını sadalaya bilərəm. Amma konkretləşdirməyəcəyəm. Çünki bunlar subyektiv fikirlərdir. Futbolçu bir komandaya uyğun gəlir, digərinə yox. Hər şey baş məşqçinin baxışından asılıdır. Azərbaycanlı futbolçuların ustalıq səviyyələri isə lazımi səviyyədədir.

- Azərbaycan millisində çıxış etməyə də bilərdiniz. Sankt-Peterbuqrda futbola necə başladığınızdan danışın...

- Bütün ömrüm boyu Piterdə yaşamışam, Zenit-in uşaq-yeniyetmə futbol məktəbində başladım, sonra əvəzedici komanda ilə müqavilə bağladım. Orada yarım il çıxış etdim və Zenit-2-yə keçdim. Daha sonra əsas komandaya. Zenit-də niyə möhkəmlənə bilmədim? Məşqçilər məndə potensial görmürdülər. Özümdə isə yəqin ki, dözüm çatmadı deyə, müqaviləm başa çatandan sonra getdim. Çoxları səhvən fikirləşirlər ki, əsas komandaya düşməyin özü böyük işdir. Əslində isə bu, yalnız başlanğıcdır. Ən çətini üzdə qalmaqdır. Məndə alınmadı və Zenit-i tərk etdim. Eynilə mənim kimi fərqli illərdə Aleksey İonov və Maksim Kanunnikov getdilər.

- Sizə elə gəlmirmi ki, Zenit öz yetirmələrinə qarşı yetərincə ehtiyatlı davranmır?

- Klubun siyasətini mən formalaşdırmıram. Bu baxımdan, kluba qiymət vermək də mənlik deyil. Bəli, əvvəlki illərlə müqayisədə, Zenit-də öz oyunçuları azdır. Lakin məndə heç bir inciklik qalmayıb. Uşaqlıqdan azarkeşlik etdiyim komandanı əvvəlki kimi sevirəm.

- Gələcəkdə Zenit-ə qayıtmağa imtina etməzsiniz?

- Ola bilsin, qayıdaram.

- Zenit-dən sonra Türkiyə Trabzonspor-una getdiniz. Bu, necə alındı?

- Təklif gəldi, həmin vaxt cazibədar göründüyü üçün razılaşdım.

- Nəyə görə orada möhkəmlənə bilmədiniz? Trabzonspor-da demək olar ki, oynamadınız, əsasən icarələrdə oldunuz...

- Demək çətindir. Hətta baş məşqçi ilə xüsusi söhbətim də olmadı. Tezliklə aydın oldu ki, onların mənə ciddi ehtiyacları yoxdur.

- Zilina-da qazandığınız təcrübə işə yarayır?

- Əlbəttə. İcarə ilə bağlı başqa variantlar da var. Amma özüm Slovakiyanı seçdim. Yerli çempionatı avropalı skautlar izləyirlər. Oradan böyük kluba keçmək olar. Zilina-da birgə oynadıqlarımın bir çoxu karyeralarında yüksəlişə nail oldular.

- Daha sonra Qarabağ-a yollandınız və Rusiya ilə Slovakiyadan sonra 3-cü dəfə ölkə çempionu oldunuz...

- Bəli, xoş məqamdır. Amma mənim üçün təkcə titul qazanmaq yox, oynamaq da önəmlidir. Ona görə də Slovakiya və Azərbaycanda əldə etdiyim qızıl medalı Rusiyadakından üstün tuturam. Həmin mövsüm Zenit-in heyətində cəmi 5 oyun keçirmişdim. Çempionatda iştirakım şərti idi.