Bu gün II Avropa Oyunları başlayır

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunları start götürəcək.

Futbolqol.az xəbər verir ki, "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək açılış mərasimi zamanı 50 iştirakçı ölkənin paradı gerçəkləşəcək. Bundan başqa yerli opera müğənnisi Anna Netrepko və qazaxıstanlı müğənni Dimaş Kudayberqen çıxış edəcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan Belarus paytaxtında 11 növ üzrə 82 idmançı ilə təmsil olunacaq:

Atletika, basketbol (3X3), çimərlik futbolu və stolüstü tennisdə Azərbaycan təmsilçisi olmayacaq.

İlk yarış günündə boks, kamandan oxatma və basketbol (3X3) üzrə yarışlar olacaq. Azərbaycanın kamandan oxatma növündə yeganə təmsilçisi Ozay Qasımova qadınlar arasında klassik oxatmanın fərdi yarışına qatılacaq. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 47 oxatana qarşı mübarizə aparacaq. Mübarizəyə Bakı vaxtı ilə saat 14:15-də start veriləcək.

Saat 15:00-da isə boksçuların yarışı start götürəcək. Azərbaycan təmsilçilərinin hər üçü 1/16 finalda ilk görüşünü bolqarıstanlılara qarşı keçirəcək. Tayfur Əliyev (56 kq) Boyan Asenovla, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevlə, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovla üz-üzə gələcək.

"Bakı 2015"də 291 idmançı ilə təmsil olunmuş Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc medalla ümumi komanda hesabında yalnız Rusiyadan geri qalıb.