“FIDE Grand Swiss 2019”: Şahmatçılarımız ikinci turda mübarizə aparacaqlar

Oktyabrın 11-də Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin ikinci turuna start veriləcək.

Futbolqol.az xəbər verir ki, növbəti turda şahmatçılarımız Rauf Məmmədov çinli Hao Vanq, Nicat Abbasov ermənistanlı Levon Aronyan, Vasif Durarbəyli vyetnamlı Quang Liem Le, Eltac Səfərli israilli Maksim Rodshteinlə mübarizə aparacaqlar.

Qeyd edək ki, iddiaçılar turnirinə vəsiqə qazandıracaq turnirin ilk turunda şahmatçılarımız arasında ən yaxşı nəticəni Rauf Məmmədov göstərib. Təmsilçimiz ingiltərəli rəqibi Jovanka Houskanı məğlub edərək aktivinə 1 xal yazdırıb. Digər şahmatçılarımız Nicat Abbasov Sergey Karyakin (Rusiya), Vasif Durarbəyli Danil Dubov (Rusiya), Eltac Səfərli Anton Korobovla (Ukrayna) heç-heçə oynayıblar.

Mükafat fondu 432 min 500 dollar olan turnirin qalibi 70, ikinci yerin sahibi 50, üçüncü yerə yiyələnəcək idmançı isə 40 min dollar əldə edəcək.

On bir turdan ibarət turnirə oktyabrın 21-də yekun vurulacaq.