Teymur Rəcəbov: "Şahmatda belə nəticə çox müzakirə edilir"

Futbolqol.az-ın məlumatına görə, bu fikirləri "ShamkirChess 2019" superturnirin II turunda Şəhriyar Məmmədyarovla heç-heçə edən Teymur Rəcəbov deyib.

Dünya çempionatlarında da tez-tez heç-heçələrin qeydə alındığını bildirən qrossmeyster bunun normal hal olduğunu söyləyib: “Bütün oyunlarda ardıcıl heç-heçə qeydə alınsa, hansısa problemin olduğunu düşünmək mümkündür. Ancaq belə turnirlərdə heç-heçənin olmasında qeyri-adi heç nə yoxdur. Qolf və ya tennisdə də bərabərlik olur. Bütün idman növlərində heç-heçələr qeydə alınır. Amma şahmatda belə nəticə çox müzakirə edilir. Son zamanlar, ümumiyyətlə, heç-heçələrdən danışılır. Əlbəttə, qələbə olanda daha maraqlı olur. Bununla belə, şahmatçıları anlamaq lazımdır. Çox vaxt heç-heçələr qaçılmazdır".

T.Rəcəbov digər ölkələrdən olan zəka sahibləri və Azərbaycan millisinin üzvləri ilə qarşılaşan zaman eyni hisslər keçirmədiklərini bildirib: “Bizim Şəhriyarla yaxşı münasibətimiz var. Bir-birimizlə məsləhətləşib müzakirələr edirik. Milli komandada oynayan zaman hamını nəzərə alıb mübarizə aparırıq. Udsaq da, uduzsaq da, bir-birimizin yanında oluruq. Bu da ölkəmizə çoxlu uğurlar gətirməyimizə səbəb olur. Şahmat millimiz çox mehribandır. Hətta beynəlxalq turnirdə bir-birimiz üzərində qazanılan qələbəyə o qədər xüsusi sevinmirik. Şəhriyarla illərlə qazanılan dostluq münasibətimiz var. Bu münasibəti futbolla müqayisə etmək olmaz. Məsələn, futbolda bir ulduz olur, hamı ona oynayır. Bizdə isə hamı bir hədəf uğrunda yarışır. Lazım gələndə debütlərimizi bölüşürük, bəzən məsləhət alırıq. Digər komandalarda belə vəziyyət görmək mümkün deyil”.

O, klublararası Avropa çempionatına getməyə həvəsinin olmadığını, bu yarışda iki dəfə qalib gəldiklərini vurğulayıb: "SOCAR Azərbaycan" klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunda qələbə qazanmışam. Altı dəfə bu yarışda iştirak etmişəm, indi bu turnir mənə o qədər cəlbedici görünmür".