Gənc nəsil vətənpərvər ruhda böyüyür

“Üçrəngli bayrağımızın Ermənistan bayrağının altından asıldığını ilk mən gördüm. Daha sonra komanda yoldaşlarım Ulvira və Elnaz da mənə dəstək oldular. Birlikdə təşkilatçılara yaxınlaşaraq bildirdik ki, bayrağımızın yeri dəyişdirilməsə, biz yarışdan imtina edəcəyik. Etirazımız qəbul olundu. Bayrağımız Ermənistan bayrağından yuxarıda asıldı. Bu etirazım vətənə sevgimdən irəli gəlir. Məncə, vətənini, bayrağını sevən hər bir azərbaycanlı belə vəziyyətlə qarşılaşsaydı, bu cür hərəkət edərdi. Canımız qədər sevdiyimiz üçrəngli bayrağımız həmişə yüksəklərdə olmalıdır”.

Bu sözlər Bakı şəhər 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlıya aiddir. 10 yaşlı Zəhra İranda keçirilən karate üzrə yarışda Azərbaycan bayrağının Ermənistan bayrağından aşağıda asılmasına nəinki razı olmayıb, üstəlik bütün rəqiblərini, o cümlədən, erməni rəqibini də məğlub edərək turnirin qalibi olub.

Vətən sevgisi ilə böyüyən Zəhranın bayrağımıza qarşı belə diqqət göstərməsi qürurvericidir. Balaca qızcığazın gözlərimizi sevinc gözyaşı ilə dolduran bu hərəkəti bir daha göstərir ki, Azərbaycan uşaqları Vətənə sevgi ilə böyüyür. Bəlkə də, idmançımızın yarışda yer tutmasına adi hal kimi baxacaqdıq. Çünki, Azərbaycan idmançılarının beynəlxalq səviyyəli yarışlarda uğur qazanmasına artıq alışmışıq. Lakin Zəhranın bayrağımıza münasibəti tam fərqli bir mənzərə yaratdı. Ulu öndər Heydər Əliyevin belə bir ifadəsi var: “Vətənpərvərlik ana bətnində yaranır”. Qəlbi vətən sevgisi ilə, vətənpərvərlik hissləri ilə döyünən 10 yaşlı Azərbaycan məktəblisi ümumilli liderin bu ifadəsinin təkzibolunmaz gerçəklik olduğunu göstərdi.

“Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”

Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində işğallara, assimilyasiyaya məruz qalan Azərbaycan, sahib olduğu milli dəyərlərini daim mühafizə etməklə, milli həmrəyliyini və bütövlüyünü qoruyub saxlayıb. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada mühafizə və təbliğ etmək, geniş sferada inkişafına nail olmaq xalqımızın qarşısında dayanan başlıca məsələ idi. Bütün bunları həyata keçirmək üçün isə, şübhəsiz, dövlət dəstəyi və qayğısına ehtiyac duyulurdu. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin müdrikliyi sayəsində bu missiyanın reallaşdırılması mümkün oldu. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, Azərbaycandakı milli azlıqların milli həmrəylik şəraiində inteqrasiyaya cəlb olunması Heydər Əliyev strategiyasının ana xəttini təşkil edirdi. Ulu öndər gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik, mənəviyyat hisslərinin aşılanmasını ən önəmli məsələlərdən biri kimi dəyərləndirirdi: “ Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün örnək edən onların yüksək mənəviyyatı, yüksək amallarıdır. Mənəviyyat olmayan yerdə heç nə ola bilməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Vətənpərvərlik böyük məhfumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Heydər Əliyevin milli-mənəvi dəyərlərimizi konseptuallaşdıraraq mühafizə və təbliğ etmək strategiyasının ana ünsürləri hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun, modernləşdirilmiş formada davam etdirilir. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi, sosial və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, gənc nəslin milli mənlik şüurunun oyanışına stimul və təkan verir.

Azərbaycan gəncliyi öz milli “mən”ini hər zaman təsdiq etmiş, milli-mənəvi dəyərlərimizin inkişafına töhfələr vermişdir. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanda təşəkkül tapan yeni tipli məktəb, demokratik mətbuat, dünyəvi teatr gənclərin milli-siyasi şüurunun inkişafında müstəsna rol oynamışdır. O dövrdə Avropada və Rusiyada təhsil almış azərbaycanlı gənclərin mədəni və ictimai-siyasi həyatda böyük fəallığı həmin dövrün səciyyəvi cəhətlərindəndir. Azərbaycan gəncləri XX əsrin əvvəllərindən başlamış və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnmiş milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olmuşdur. XX əsrdə digər sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyət sahəsində əldə edilmiş uğurlar daha çox gənclərin adı ilə bağlıdır. Böyük yazıçı və dramaturqumuz Cəfər Cabbarlı özünün ilk pyesini 16-17 yaşında yazmışdır. 29 yaşında siyasi repressiya qurbanı olan Mikayıl Müşfiq Azərbaycan poeziyasının ən görkəmli simalarından biridir. Dahi bəstəkarımızı Üzeyir Hacıbəyov bütün müsəlman şərqində opera sənətinin əsasını qoyan “Leyli və Məcnun” operasını yazanda 23 yaşı vardı. Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı xalqımızın musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və s. bir sıra yeni janrların ilk nümunələrini yaradan böyük bəstəkar kimi daxil olmuşdur. Görkəmli bəstəkar Qara Qarayev də bu gün sevə-sevə dinlədiyimiz ilk simfonik əsərlərini 20-25 yaşlarında yazmışdır. Onun öz həmyaşıdı Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operası Azərbaycanda ilk SSRİ Dövlət Mükafatına layiq görülmüş əsərlərdəndir.

Qeyrətli oğullar sinəsini irəli verəndə vətən VƏTƏN olur...

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsində, 1988-ci ildə erməni təcavüzünə qarşı döyüşlərdə iştirak edən könüllü dəstələrin yaranmasında gənclərin müstəsna rolu olub. Həmin dəstələrin tərkibində yer alanların əksəriyyəti gənclər idi. Qəlbində vətən sevgisi daşıyanlar ölümə könüllü gedirdi. 1990-cı il yanvarın 19- dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdikləri qanlı cinayətlərin qurbanı – ilk azadlıq şəhidləri də, əsasən gənclər idi.

Gənclərimizi vətənpərvərlik ruhunda böyütmək, tərbiyə etmək üçün nümunələr çoxdur. Müstəqillik illərində torpaqlarımızın bütövlüyü uğrunda şirin canlarını fəda edən qəhrəman övladlarımızın hər birinin ömür yolunu örnək kimi qəbul etmək olar. I Qarabağ savaşında igidlik göstərən qeyrətli oğullarımızın qəhrəmanlıq estafetini bugünki gənc əsgərlərimiz layiqincə davam etdirir. Öz şücaəti ilə ermənilərin canına vəlvələ salan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyev, erməni alayı ilə təkbaşına döyüşən Milli Qəhrəman Mübariz İbrahimov, “Qurd” ləqəbli gizir Pəncəli Hüseynov və başqalarını yada salmaq kifayətdir. Mübarizin, Pəncəlinin, Muradın döyüş yolu ilə tanış olanda Azərbaycan övladlarının qeyrətinə, elinə-obasına, vətəninə bağlılığına, vətənpərvərliyinə, Vətən yolunda ölümdən belə çəkinmədiyinə əmin olursan.

Milli mənlik şüurunun ən uca zirvəsi vətən oğullarının ömür yolundadır, vətən yolunda, ana-bacılarımızın namusunun qorunması yolunda göstərdikləri rəşadətdədir. Ölümü ilə ölümsüzlüyə qovuşan belə vətənpərvər gənclərimizlə fəxr edə bilərik.

Böyük fərəh hissi ilə deyə bilərik ki, ölkəmizin gənc nəsli vətənpərvər ruhda böyüyür. Azərbaycanın vətənpərvərliyi, bölünməzliyi, milli-mənəvi dəyərlərimiz, Azərbaycanın milli bayrağı, gerbi, milli əxlaqi mentalitet gənclərimizin ən ço önəm verdiyi məsələlərdir. 2016-cı ilin aprel döyüşləri bunu bir daha təsdiq etdi. Milli ordumuzun zəfər yürüşünə respublikamızın paytaxtında, eləcə də bütün bölgələrdə milyonlarla Azərbayca gəncinin kütləvi hərəkatla dəstək göstərməsini qürurla seyr etdik. Döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəman əsgərlərimizin valideynlərinin başını dik tutması, “Vətən sağ olsun” deməsi bu xalqın böyüklüyünü təcəssüm etdirirdi. Şəhidlərimizin dəfn mərasimində minlərlə insanın iştirakı birliyimizin, həmrəyliyimizin göstəricisi idi. Budur, Azərbaycan xalqı! Budur milli mənlik şüurunun, sözün həqiqi mənasında, qəlblərdə, beyinlərdə kök salması.

Aprel şəhidi Pəncəli Teymurov Astara rayonunun Əvəzüd kəndində doğulmuşdu. Ürəyi vətən məhəbbəti, yurd, torpaq sevgisi ilə döyünürdü. Pəncəli yüksək fiziki hazırlığı, vətənə olan sonsuz sevgisi ilə seçilirdi. 2018-ci ildə ailə həyatı quran Pəncəlinin toyunda dediyi sözlər onun iliyinə qədər vətənpərvər olmasının bariz göstəricisi idi. Toyda hamı şadyanalıq edir, sevinir, deyib-gülürdü. Qeyrətli azərbaycanlı balası isə Vətən, topraq barədə düşünürdü: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Mən hər zaman xalqım üçün, torpağım üçün, vətənim üçün canımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, şəhid olum. Tabutum Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağına büklülüb dəfn olunmağa aparılsın”. Bəli, budur vətənpərvərlik, yurd sevgisi. Budur ölümün üstünə getmək, şəhidlik zirvəsinə aparan yolda mətin addımlarla irəliləmək. Vətən Pəncəli, Murad, Mübariz kimi oğulların çiynində ucalır, bütövləşir, belə qeyrətli oğullar sinəsini irəli verəndə vətən VƏTƏN olur. Damarlarında azərbaycanlı qanı axan hər bir vətən oğlunun bir kredosu var: “Vətən sağ olsun”. Qeyrətli kişilər canını vətən yolunda qurban verməyə hazır olanda, sözün həqiqi mənasında, Vətən sağ olur. Bir kərə yüksələn bayraq, belə kişilərin sayəsində bir daha enmir. Ölümü ilə ölümsüzlüyə qovuşur belə igidlər. Vətənpərvər şairimiz Bəxtiyar Vahabzadənin bir şeirində dediyi kimi:

Ey, vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən

Sənin öz dövlətin, öz millətin, öz səddin var

Vətən uğrunda ölənlər ölümündən doğular

Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik

Biz Vətən naminə ölsək, dirilərdən diriyik...

Zeynəb Əliyeva