Təşkilatçıların yalanı üzə çıxdı: Erməni idmançının boğduğu türk deyilmiş - VİDEOAÇIQLAMA

Türkiyə mətbuatı son iki gündür “erməni döyüşçü türkü boğaraq öldürmək istədi” kimi başlıqlı yazılarla çalxalandı.

Ancaq “Habertürk” adıçəkilən türkiyəli döyüşçü Batuhan Akdumanla əlaqə saxlayaraq, Rusiyanın Samara şəhərində bu döyüşü təşkil edən “Gorilla Fighting Championship”in yalanını üzə çıxarıb.

Sən demə, erməni idmançının boğaraq məğlub etdiyi döyüşçü Batuhan Akduman yox, hansısa 20 yaşlı türkmən idmançı imiş. 25 yaşlı Akduman buna belə aydınlıq gətirib:

“Zəng edib nə olduğunu soruşduğunuz üçün təşəkkür edirəm. Çünki 50-yə yaxın xəbər saytı və altı telekanalda və sosial mediada yalan xəbər verilir. Mənim çəki dərəcəmdə olmayan 65 kq-da döyüşən Rafael Abrahamyanın “Instagram” hesabından paylaşdığı video ilə yaşadıqlarımı izah edə bilmirəm. Mən dünən səhər bu hadisəni Rusiyadan idmançı dostlarımdan gələn mesajla öyrənmişəm.

“Bazar günü gecəsi Rafael Abrahamyan türk döyüşçü Batuhan Akdumanı ölümcül şəkildə döydü” deyə bir video paylaşılır. İnanın, Azərbaycanda Mübariz İbrahimov kimdirsə, hazırda bu insan da Ermənistanda belə xalq qəhrəmanı elan edilmiş vəziyyətdədir.

Mən xəbəri öyrənər-öyrənməz Rusiya vasitəsilə hərəkətə keçdim və Rusiya Full Kontakt Döyüş Federasiyası prezidenti Sergey Yermakov ilə danışdım. Onun vasitəsilə məhz bu Rafaellə əlaqə saxlaya bildim.

Döyüş öncəsi məlumatlarda döyülən idmançının adının Batuhan Akduman olduğunu görəndə ad-soyad bənzərliyi olduğunu düşündüm. Samaradakı təşkilat təmsilçisi vasitəsilə döyülən idmançının məşqçisini tapdım.

Məşqçidən idmançının pasportunu istədim. Səkkiz saat sonra üzərində dəyişiklik edilmiş bir pasportun surətini göndərə bildilər. Pasportda U24TUR kodu vardı. Bu səhv xəbərlərlə əlaqədar olaraq Cümhuriyyət Prokurorluğuna müraciət etmişdim. Ordan bu kodun Türkmənistana aid olduğunu öyrəndim.

Yəni mənim adımdan, karyeramdan istifadə edərək 20 yaşındakı türkmənistanlı bir idmançını Rafael ilə döyüşdürdülər. Pasportun son xanası tək, bizdə isə cüt rəqəmlə bitir”.

Daha sonra Batuhan Akduman erməni idmançını döyüşə çağırdığını, bu döyüşün dekabrın 15-də Ermənistanda olmasına dair razılığa gəldiklərini bildirib:

“Sonra Rafaellə əlaqə saxladım və etdiyinin çox böyük tərbiyəsizlik olduğunu, adımdan istifadə etdiyini və iki ay içində qarşıma çıxmayacağı halda onu dünyaya rəzil edəcəyimi söylədim.

Bu 65 kq-da döyüşür, mən də isə 71 kq. Üstəlik, heç vaxt 70 kq-dan aşağı döyüşməmişəm. Mənim üç dünya çempionluğum, bir dünya ikinciliyim və üç də dünya üçüncülüyüm olduğu halda, ölkəmdə bir tək cümlə bu barədə xəbər verilməyim. Amma yemədiyim zərbəni bütün mətbuat xəbər etdi. Bu məni and içirəm, param-parça etdi. Rafael təklifimə əvvəl “Çəki fərqi var, döyüşə bilmərəm” dedi. Bundan sonra mən 67 kq-a çəkimi salıb döyüşəcəyimi bildirdim.

Ona “istəsən, mən Ermənistana gəlim, döyüş də sənin ölkəndə olsun” təklifini etdim. Bundan sonra Rusiyanın Samara şəhərinin döyüş üçün daha uyğun olduğunu və iki ay içində döyüşü qəbul etdiyini söylədi.

Daha sonra isə Ermənistanda döyüşmək istədiyini bildirdi. Mən də 20 nəfərlik komandamla Ermənistana gedəcəyimi, 15 dekabrda qarşımda olmasını, vizada problemlem yaşamamağım üçün lazımi əlaqələri qurub həll etməsini söylədim.

Mən beyin qanaması keçirən rəqibimi Antalyada öz maşınımla xəstəxanaya götürən, başında növbətçi qalan bir idmançıyam. Öncədən heç bir döyüşümdə böyük-böyük danışmaram, amma hamı bilsin ki, ona ikinci raundu göstərməyəcəyəm. Onun boyu 1.70, mənimki 1.75 və döyüşlərini də izləmişəm. Güləş üzərində döyüşür. Güclüdür, amma nə ayaq zərbəsi, nə də yumruğu güclüdür. Sadəcə rəqibini qaldırıb yerə vurmağı bilir.

Bir də dünən gecə bir çox telekanalda bu video yayımlandıqdan sonra sosial şəbəkələrdə həyatımda eşitmədiyim söyüşləri eşitdim. “Sən bir erməniyə necə uduzarsan” deyə edilən söyüşləri izah edə bilmərəm. Futbol millimiz fərqli-fərqli ölkələrə uduzmurmu? İdmanda hər bir nəticə ola bilər. Hamı bir-birini məğlub edə bilər. Vacib olan idmançının ağıllı, cəld və əxlaqlı olmasıdır. Rafael həqiqətən əxlaqsız şəkildə davrandı. Anama zəng edib “Başın sağ olsun” deyənlər belə oldu”.

Yeri gəlmişkən, erməni idmançı Rafael Abrahamyan axşam saatlarında sosial şəbəkədəki hesablarını bağlayıb. İngiltərədə yaşayan məşhur bir türkiyəli təşkilatçının 15 dekabrdakı bu döyüşün Londonda baş tutması üçün hər iki tərəflə görüşdüyü son məlumatlar arasındadır.

Oxu.az