140 oyuna pul qoyuluşu etdiyinə görə cəzalandırıldı

“Mançester Yunayted” klubunun sabiq futbolçusu Pol Skoulz futbol oyunlarına pul qoyuluşu etdiyinə görə İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Futbolqol.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Sabiq futbolçunun 2015-ci ilin 17 avqustundan 2019-un 12 yanvarına kimi 140 oyuna pul qoyuluşu etdiyi üzə çıxıb. Bu səbəbdən, o, 8 min funt-sterlinq məbləğində cərimə olunub. Federasiya Skoulza ciddi xəbərdarlıq da edib.

Mətbuatın yazdığına görə, İngiltərə millisinin sabiq üzvü bukmeker kontorlarında bütövlükdə 26 min funt-sterlinq pul qoyuluşu edib, cəmi 5831 funt-sterlinq gəlir əldə edib.

Futbolçu karyerası dövründə sadəcə, “Mançester Yunayted”in formasını geyinmiş Skoulz, 2013-cü ildə peşəkar futboldan getmişdi. 44 yaşlı mütəxəssis 2-ci liqada mübarizə aparan “Oldem” klubunun baş məşqçisi olsa da, məhz futbol oyunlarına pul qoyuluşu etməsi üzə çıxandan sonra istefaya göndərilmişdi.