FIFA Bolqarıstandakı insidentdən sonra irqçiliyə görə azarkeşlərin ömürlük diskvalifikasiyasına çağırdı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino 2020-ci il Avropa çempionatının seçmə oyunlarında Bolqarıstan və İngiltərə arasında keçirilən matçda (0:6) baş verən insidentlə əlaqədar irqçiliklə mübarizədə yeni vasitələrin axtarışına çağırıb. O, əsasən matçları izləməyə ömürlük qadağanın tətbiq olunmasını təklif edib. İnfantinonun şərhlərini FIFA-nın mətbuat xidməti yayıb.

Cari ilin iyununda intizam məcəlləsinə edilən dəyişikliyə görə FIFA bütün dünya üzrə qitə futbol təşkilatları və milli assosiasiyalara münasibətdə irqçilik təzahürünə görə sanksiya tətbiq edə bilər.

“Biz futbolda irqçiliyin olmaması barədə tez-tez danışırıq. Lakin bizim idman növündə, eləcə də cəmiyyətdə hələ də bu problemin həllində çətinliklərlə qarşılaşırıq. Bizə təqsirkarları aşkarlamaq və cəzalandırmağa kömək etməkdən ötrü dövlət orqanları tərəfindən dəstək lazımdır. Həmçinin bunun kökünü kəsmək barədə fikirləşmək vacibdir. UEFA tərəfindən 2009-cu ildə matçlarda irqçiliyə qarşı üçmərhələli prosedurların tətbiqindən sonra biz qaydaları daha sərt etdik. Lakin təsəvvür edə bilməzdik ki, bundan sonra çox tezliklə biz bu xəstəliklə, bəzi regionlarda getdikcə pisləşən vəziyyətlə necə mübarizə aparacağımızı yenidən fikirləşəcəyik”, - deyə İnfantino bildirib.

“Mən bütün rəhbər futbol orqanlarını bizə qoşulmağa və futbolda irqçiliyin kökünü kəsmək üçün daha effektli yeni üsullar barədə birgə düşünməyə çağırıram. Təklif edirəm ki, futbol yarışları keçirən bütün təşkilatlar oyunlarda irqçi davranışda təqsirkar bilinən şəxslərin stadionlara gəlməyinə ömürlük qadağa qoyulmasını nəzərdə tutan qaydalar qəbul etsinlər. Daha sonra FIFA bu qadağaları dünya səviyyəsində tətbiq edə bilər”, - deyə FIFA başçısı bildirib.

FIFA Bolqarıstanda baş verən insidentlə bağlı UEFA-nın inzibati-nəzarət və etika qurumunun qərarını gözləyir. Həmin qurum dünən Bolqarıstan Futbol Birliyinə münasibətdə bolqarlar və ingilislər arasında keçirilən matçda irqçiliyin təzahürü ilə bağlı iş qaldırıb. Tribunada toplaşan yerli fanatlar dəfələrlə meymun səslərinə bənzəyən səslər çıxarıb, əllərini nasist salamlamasında olduğu kimi qaldırıblar, bu səbəbdən futbol görüşü iki dəfə dayandırılıb.