Mourinyo "Arsenal"ı çalışdıra bilər

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Futbolqol.az “The Sun”a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin “Arsenal”ın sükanı arxasına keçmə ehtimalı var. Onun London komandasını yaxından izlədiyi və rəsmi təklifə açıq olduğu bildirilir.

“Arsenal”ın hazırkı baş məşqçisi Unay Emeri son vaxtlar uğursuz nəticələrə görə tənqidlə üzləşib. “Topçular” İngiltərə Premyer Liqasında geridə qalan 10 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar “Mançester Yunayted”in baş məşqçi postundan kənarlaşdırılmış Joze Mourinyo “Çelsi”yə də rəhbərlik edib. O, həmçinin vətənində “Portu”, İtaliyada “İnter”, İspaniyada isə “Real Madrid” kimi klublarda çalışıb.