Yozef Blatter Rusiyada keçirilən mundialı dəyərləndirdi

Futbolqol az Blatterin Rusiya mətbuatına verdiyi müsahibəni ixtisarla təqdim edir.

- Necə düşünürsünüz, çempionat necə təşkil olunub? Görülən işlər sizi qane edirmi?

- Təşkilati iş yüksək səviyyədədir. Mən bu çemrionata azarkeş kimi gəlmişəm və azarkeşlərin yaşadığı hissləri yaşadım. Yerli təşkilat komitəsi hər cür təşəkkürə layiqdir. FİFA–nın həyata keçirdiyi işlər də təqdirəlayiqdir. İstər Moskvada, istərsədə çempionatın keçirildiyi digər şəhərlərdə azarkeşlərin rahatlığı üçün şərait yaradılıb. Bir sözlə, mundialda çatışmazlıq, problem görmədim. Prezident Vladimir Putinlə gorüşümü xüsusi qeyd etmək istərdim.

- Müasir futbolun səviyyəsini nəzərə alsaq, bu dünya çempionatını ən yaxşı turnir hesab etmək olarmı?

- İndiyə qədər keçirilən mundialların hər birinin öz tarixi var. DÇ-2018 öz xüsusiyyətləri ilə tarixdə qalacaq. Buna əminəm. Bu çempionatda əksər oyunların taleyinə son dəqiqələrdə aydınlıq gətirildi. Oyunların bir çoxunda qalib penaltilərlə müəyyənləşdi. Demək istəyirəm ki, çox çətin turnirdir. Heç bir komanda məğlubiyyətlə barışmaq istəmir. Sona qədər mübarizə aparılması, qələbə əzmi ilə yaşamaq arzusu bu mundialı digərlərindən fərqləndirən əsas cəhətdir.