Baş məşqçi danışılmış oyuna görə ağır cəza aldı

Özbəkistanın "Novbahor" komandasının sabiq baş məşqçisi İlhom Muminjanov danışılmış oyunlarda iştirakı səbəbindən 5 il müddətinə diskvalifikasiya edilib.

Futbolqol.az-ın Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Muminjanov 50 milyon sum (təqribən 10 min manat) məbləğində cəriməyə də məruz qalıb. O, qeyri-qanuni əməllərə 2017-ci ildə əl atıb.

Yalan ifadə verərək, Etika Komitəsini aldatmağa cəhd edən "Surxan"ın texniki direktoru Şerzod Şaripov və üzrlü səbəb göstərmədən iclasa qatılmayan komandanın kapitanı İlşod Jabbarov da futbol fəaliyyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İlhom Muminjanov bu il "Surxan"a rəhbərlik edib. Lakin araşdırmalar başlanıldıqdan sonra o, işindən kənarlaşdırılıb. Hazırda "Novbahor"da "Neftçi" və "Keşlə"nin sabiq hücumçusu Bahodir Nasimov çıxış edir.