AFFA rəsmiləri “Uembli” stadionundakı seminara qatılıblar

İngiltərənin paytaxtı Londonda 2020-ci ildə təşkil olunacaq Avropa çempionatı ilə bağlı UEFA seminarı işə başlayıb.

Futbolqol.az-ın məlumatına görə, seminar Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək Milli Assosiasiyaların və yerli təşkilat komitələri nümayəndələrinin iştirakı ilə “Uembli” stadionunda keçirilir.

Kommunikasiya və təbliğat” mövzusunda təşkil olunmuş seminarda AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyevlə Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla iştirak edirlər.

Seminara mayın 3-də yekun vurulacaq.

Qeyd edək ki, AVRO-2020 Azərbaycanın paytaxtı Bakı ilə yanaşı, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Qlazqo (Şotlandiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərlərində təşkil olunacaq. Bakıda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Yarımfinal və final isə Londonda nəzərdə tutulub.